Düşüncə sıçramaları

Düşüncə sıçramaları

Aug 05, 2025
224

Özümü su kimi hiss edirəm-hər qabın formasını ala bilərəm; amma o qabda qaldıqca sirkələşib o qabı sındırıram.

Bütün qablar sınmağa məhkumdur, çünki su axıcıdır, orada heç nəyi tutub saxlamaq olmaz. Sudakı tək qayda qaydasızlıqdır: sərhəd yoxdur, amma bu həm də o deməkdir ki, əgər qaydasız bir yerdə sərhəd yoxdursa, sərhədlə qorunmağa çalışılan şeylər-qorxular daha azaddır, həm də hər yerdə, hər şey ola bilər. Səməd Behrənginin balaca qara balığı məhz o qaydasızlığın qaydasını başa düşmək üçün bir səfərə çıxır. Məncə, yazanın kim olması-qarabalığın özü, ya izləyicisi-məsələni təyin edir. Ona görə o hekayədə həm elə hiss var ki, balaca qara balığın başına nə gələcəyi bəllidir (kədərli son), həm də qarabalığın özünün bilinməzliyi bilmək arzusu var. Qarabalığın arzusu budursa, hekayə kədərdən çıxır-o bunları bilinməzliyi bilmək üçün edir. Bu da o deməkdir ki, o nə olacağını bilmir, amma bunu görmək istəyir, yəni yaşamaq istəyir.

Bu səbəbdən də hekayəni yazanın yeri hekayədə görülən mənaya təsir edir. Təsir etmək sadəcə akt olaraq nəyisə etmək deyil; həm də etməməkdir. Niyəsə ağlıma pozitiv, neqativ diskriminasiya gəldi.

Bu halda demək olar ki, insanlar çox riyazi düşünürlər; amma bunu tupoy variantlarla reallaşdırırlar. Bunun özü də ağıl deməkdir. Sanki intellektual adamlar ağıllılardan fərqli olaraq, yaxşı variantla reallaşdıranlardır.

Amma bu ədalətli və mümkündürmü?

Təbiətin ədalətinə həm inanıram, həm də inanmıram. Məsələ də elə yuxarıda Səməd Behrənginin qarabalığı hansı roldan təsvir etdiyini/yazdığını sorğulamağımla eynidir-hansı roldan baxdıqda?

Mikro və makro şkalalarda görüntü çox fərqlidir. Birində böyük olan şey, digərində kiçikdir. Bu da o deməkdir ki, baxır sən ədaləti hansı roldan qiymətləndirirsən. Elə nəticə hasil olur ki, sonsuz sayda ədalət anlayışı var. Amma norma məhz o ədalət okeanında sabit qayda yaratmaqdır.

Kollektiv qaydalar yalnız Amfibiya adamın sonu kimi mümkündür. Bu isə yaşamaq deyil; məhkumiyyətdir.

Yaşamaq canlıların sağ qalmaq gücü ilə fərdi mübarizələridir. Burada qayda yalnız fərdi təcrübələrlə anlaşıla və o fərdlərin ortaq hisslərindən kollektivləşə bilər.

Hakimiyyət ritorikalarında hansısa normanı qorumaqdan bəhs edilir. Qorxduqları şey də o normanı-iqtidarı itirməkdir. Qorxu həm də arzudur: gücünü itirməyi niyə arzulasın? Bu paradoksal arzu illuziyasının səbəbi onun məhz gücünü, arzusunu təhlükə üzərindən başa düşməyidir. Dövlət iddia etdiyinə özü də inanır: “biz varıq ki, təhlükələrdən qoruyaq”. Təhlükə isə onların fərdi oyunlarına dair kollektivləşən həzzləridir.

Təhlükə isə bizik-normaları dəyişdirmək istəyənlər. Bu nöqtədə düşünürəm ki, qarabalıq xoşbəxt idi, məncə. Çünki o ümumiyyətlə okeanda normanın olduğuna inanmırdır. Bunun da ən böyük nümunəsi normasızlığı idi.

Vous aimez cette publication ?

Achetez un café à Narmin Shahmarzade

Plus de Narmin Shahmarzade