Azərbaycan və Ermənistan son bir ayda müxtəlif səviyyələrdə görüşlər keçiriblər. ABŞ və Avropanın vasitəçiliyi ilə keçirilən görüşlərin ardından diqqətlər Moskvadadır.
Son bir ay maraqlı hadisələrlə yadda qalıb: sülh müqaviləsinin müzakirə olunduğu vaxtda sərhəddə toqquşmalar qeydə alınıb.
Bundan əvvəlki qeydlərimizdə də bildirdiyimiz kimi, Rusiyanın Cənubi Qafqazda hərbi varlığı mövcud olduğu dövrdə Qərbin vasitəçiliyi effektsiz təsir bağışlayır. Sülh müqaviləsi isə indiki vəziyyətdə, yalnız Rusiyanın vasitəçiliyi ilə imzalana bilər. Bəs, Rusiya sülh müqaviləsinin tərəfdarıdırmı?
Bu, şərtlərdən asılıdır. Rusiya hərbi gücünü Azərbaycan-Ermənistan sərhədinə keçirmək və burada birdəfəlik qalmaq niyyətindədir. Bu, təmin olunsa, tərəflər sülh müqaviləsinin digər şərtlərini razılaşdıra bilərlər.
Amma tərəflər Rusiyanın regionda mövqelərini bir qədər də möhkəmləndirməyə tələsmirlər. Ukraynadakı müharibənin nə ilə nəticələnəcəyi, hələ ki, bilinmir. Rusiya məğlub olacağı təqdirdə Cənubi Qafqazı da itirəcək. Belə olan halda, şərtlər dəyişəcək.
Ancaq son bir ayda Rusiyanın Ukraynada mövqelərini bərkitməsi və silah-sursat problemini, demək olar ki, həll etməsi Rusiyanı Cənubi Qafqazda da gücləndirib.
Rusiya sülh müqaviləsi üçün tələsməsə də, digər qüvvələrin vasitəçiliyindən narahat olduğu üçün öz şərtləri ilə yeni sənədin (bu, sülh müqaviləsi və ya yeni bəyanat ola bilər) imzalanmasını istəyir.
Hər halda, İkinci Qarabağ Müharibəsindən sonra tərəflər sülhə ilk dəfədir bu qədər yaxınlaşırlar. Ancaq sülh yenə də uzaqda görünür...