2 - Eşitdiklərim, oxuduqlarım, gördüklərim - Sirr
Xronometraj: 29:43
Məktəbdə oxuduğum vaxtlarda şənbə gününü həvəslə gözləyirdim. Həmin gün “Həftə” adlı qəzetin yeni nömrəsi satışa çıxırdı. Atam da televiziya proqramları ilə tanış olmaq üçün bu qəzeti alırdı. Həmin dövr internetin hələ həyatımıza daxil olmadığı, insanların TV proqramlara həvəslə baxdığı vaxtlar idi. Proqram qəzetin orta səhifəsində olurdu. Atam həmin hissəni çıxarırdı. Qəzetin qalanını isə özümə götürürdüm. Sonuncu səhifədən başlayıb oxuyurdum. Niyə sonuncu? Çünki ən maraqlı yazılar sonuncu səhifədə olurdu. “Atlantidadan yadigar qalan tikililər”, “Dünyanın sonu”, “Yerə yaxınlaşan komet” və digər qəzet məqalələrinin məzmunlarını bu gün də xatırlayıram. Sonuncu səhifədəki yazıları oxuyub keçirdim krossvord, kriptoqram, sudoku və labirintləri həll etməyə. Qəzet həftədə bir dəfə nəşr olunurdu. Ona görə, çalışırdım, qəzeti bir günə oxuyub qurtarmayım. Yavaş-yavaş, həftə ərzində yazıları oxuyur, krosvordları edirdim. Daha sonra o vaxtkı ANS TV-də “Sirlər ensiklopediyası” adlı verilişə baxmağa başladım. Amerika telekanallarından birinin istehsalı idi, Azərbaycan dilində dublyajla verilirdi. Adından da göründüyü kimi, verilişdə sirli hadisələrdən danışırdılar. Elə “Sirr” adlanan podkastda biz də sirdən və sirli hadisələrdən danışmışıq.